Fəlsəfə Portalı

Azərbaycan və dünya fəlsəfi irsindən…

“ATEİZM” NƏDİR? – İkinci yazı

Posted by penah 2009/01/09

yazar_1200667481gifikinci yazı

ATEİZMƏ YAXIN ANLAYIŞLAR

Ateizmə əks anlayış teizm anlayışıdır. “Teizm” dünyanı yaradan, amma özü dünyadan kənarda dayanaraq, istədiyi vaxt dünya işlərinə müdaxilə edən, məsələn, peyğəmbər göndərən, əvvəlki dinləri, yaxud ayələri ləğv edən personal bir allaha inam mövqeyidir. Dindar teistdir.
“Deizm” dünyanı yaradan və onu birdəfəlik quran allah fikrini qəbul edir, amma allahın dünyaya müdaxiləsini qəbul etmir. Bu, o deməkdir ki, deizm allaha inanır, amma dini (və peyğəmbəri) rədd edir. Yəni deist ateist deyil, antiklerikalistdir.
“Panteizm” hər şeyin allah və allahın da hər şey olduğunu hesab edən mövqedir. “Panteizm ateizmin evfemiyasıdır” (Şopenhauer).
Fəlsəfədə skeptisizm və aqnostisizm anlayışlarının da ateizmə aidiyyəti var.
Skeptisizm, skeptiklik qədim yunan dilində “skepsis” (şübhə) sözündən olub, mənası şübhə ilə yanaşaraq son qərarı verməmək, verə bilməmək deməkdir. Stoa fəlsəfəsindən gəlmə belə bir anlayış var: “isosteniya”. Mənası ekvivalent arqumentasiya deməkdir. Bu, o deməkdir ki, mübahisə doğuran məsələdə qarşı tərəflərin qarşılıqlı olaraq əleyhinə və lehinə irəli sürdükləri dəlillər eyni çəkidədirlər. Bu, isosteniya hadisəsidir. Bu anlayışa mən islam fəlsəfəsində “takafu-u-ədillə” şəklində təsadüf etmişəm. Yəni allahın lehinə dəlillər onun əleyhinə dəlilləri üstələyə bilmir. “Allahın olmaması ən azından ehtimal daxilindədir” (Ayer).
“A-qnostisizm” sözündəki “qnos” (bilik) sözünü azərbaycanlı oxucu “pro-qnoz” (qabaqcadan-bilmək) sözündən tanıyır. Aqnostisizmin mənası “bilinməsi qeyri-mümkünlük, bilinməzlik” deməkdir. Aqnostik hesab edir ki, allahın nə var olduğu, nə də olmadığı kimi mövzularda insan heç nə bilə bilməz. Skeptisizm “allah haqqında bilik əldə edə bilə bilmərik” demir, əksinə, edə bilərik, sadəcə olaraq “son nəticədə qərar verə bilmərik” deyir. Aqnostisizm isə ümumiyyətlə, allah kimi problemlərin insan idrakına əbədi olaraq qapalı olduğuna inanır. Aqnostik allah haqqında danışmağı mümkün saymır, danışılanları da uydurma hesab edir.

ZƏİF VƏ GÜCLÜ ATEİZM

Hər bir halda insanların dinə bir-birindən fərqlənən iki münasibətini ayırd etmək mümkündür. Belə ki, bir var elə-belə inanan olmaq (bizim kənd-kəsəkdə yaşayan əhalimizin əksəriyyəti ta qədimdən belə müsəlmandır); bir də var son vaxtlar ölkəmizdə peyda olmuş nurçuluq, vəhhabilik, İran şiəçiliyi kimi ideoloji islamçılıq. “Müsəlmanlıq” ilə “islamçılığı” ayırmaq lazımdır. Birincilər dinə öz dünyagörüşlərində və yaşayışlarında minimum şəkildə yer verirlər, ikincilər isə dini təbliğatla, cəmiyyətdə siyasi və başqa törəmələri ola biləcək ideoloji dindarlıqla məşğul olurlar. (İdeoloji islamçılar sadə xalq müsəlmançılığını “bozbaş mollaçılığı” adlandırıb bəyənmirlər. Çünki sadə xalqın islama olan qeyri-ciddi münasibəti onları təmin etmir).
Dinə bu iki münasibətə təxminən paralel olaraq, elmi ədəbiyyatda ateizmə də iki münasibət qeyd edilir: güclü (pozitiv, ifadə edilən) və zəif (neqativ, ifadə edilməyən) ateistlik.
Zəif ateist allah haqqında düşünməmiş ateistdir. O, ateist olduğunu heç bilmir də, soruşsan bunu ifadə etməkdə çətinlik çəkər. Zəif ateistlik allaha və dinə laqeyd olmaq mövqeyidir. Elmi şüurda olan insanlar, zənginlər, uşaqlar anadangəlmə zəif ateistlərdir. Güclü ateist isə ateizmi şüurlu şəkildə seçən və bunu ifadə də edəndir. O, nə üçün ateist olduğunu deyə bilər.
Zəif (neqativ) ateistin mövqeyi: “Mən əmin deyiləm ki, allah(lar) var”.
Güclü (pozitiv) ateistin mövqeyi: “Mən əminəm ki, allah(lar) yoxdur”.
Zəif (neqativ) ateizm passiv ateizmdir. Güclü (pozitiv) ateizm aktiv ateizmdir. Neqativ ateist allahın var olmadığını iddia etmir, sadəcə passiv olaraq allahın varlığını inkar edir (latınca “neqare” edir). Pozitiv ateist isə aktiv olaraq irəli sürür (latınca “ponere” edir) ki, allah yoxdur.

ATEİSTLİYİN DƏRƏCƏLƏRİ

Zəmanəmizin məşhur ateistlərindən və din tənqidçilərindən biri, təkamül nəzəriyyəsini genetika ilə birləşdirən, görkəmli ingilis bioloqu R. Doukins (Richard Dawkins) insanların allaha münasibətini daha təfsilatlı olaraq 7 maddə ilə belə sıralayır:
1. Allahın varlığı 100%-lik ehtimaldır. Bu şəxs teistdir, allaha inanır. K.Yunq demişkən, mən allahın varlığına inanmıram, onun var olduğunu bilirəm.
2. Allah çox böyük ehtimalla var, amma bu ehtimal 100% deyil. Belə bir şəxs faktiki olaraq allaha inanır. O, belə düşünür: “Allahın varlığını mən tam əminliklə deyə bilmərəm, amma mən ona inanıram və həyatımı onun varlığını nəzərə alıb yaşayıram”.
3. 50%-dən yuxarı, amma çox da yüksək olmayan ehtimalla allah var. Belə bir şəxs teizmə meyl edən skeptikdir. O, belə düşünür: “Mən qəti əmin deyiləm, amma allaha inanmaq istəyirəm”.
4. 50%-50% mövqeyi. Bu şəxs tamamilə bitərəf agnostikdir.
5. 50%-dən aşağı, amma çox da aşağı olmayan ehtimalla. Belə bir şəxs ateizmə meyl edən skeptikdir. O, belə düşünür: “Mən allahın olub-olmadığını bilmirəm, mən skeptikəm”.
6. Allah çox kiçik ehtimalla var, amma bu ehtimal 0% də deyil. Bu şəxs faktiki olaraq ateistdir, allaha inanmır. O, belə düşünür: “Allahın olmamağını mən tam əminliklə deyə bilmərəm, amma zənnimcə, onun mövcud olmasına demək olar ki, ehtimal yoxdur və mən öz həyatımı onu nəzərə almadan yaşayıram”.
7. Allahın varlığına heç bir ehtimal yoxdur. Bu şəxs güclü ateistdir. Onun fikri belədir: “Mən allahın varlığına inanmıram, mən bilirəm ki, heç bir allah yoxdur”.
Doukinsin bu bölgüsü çox praktiki bölgüdür. Çünki nə inananların inamı, nə də inanmayanların inamsızlığı eyni şiddətdə olur. Qoy, hər kəs dinə münasibətinin şiddətini dəqiq müəyyən etsin. Cəmiyyətimizin “inananlar” və “inanmayanlar” cəbhələrinə parçalanmasının qarşısını almaqdan ötəri mən Doukinsin bu bölgüsünü çox faydalı hesab edirəm. Çünki Quran inananlarla inanmayanları müasir sivil cəmiyyət üçün çox təhlükəli ola biləcək şəkildə qarşı-qarşıya qoymuşdur.

ALLAH FİKRİ ANADANGƏLMƏDİRMİ?

Dindara elə gəlir ki, ateist allahı qəsdən inkar edir. Yəni ateist allaha inana bilməyən yox, inanmaq istəməyən və yaxud inansa da, bunu qəsdən inkar edəndir. Ancaq qəbul edilməlidir ki, insan fərd olaraq öz axtarışlarında allah ideyasına gəlib çıxmaya da bilər. Qərbdə “Allah ideyasının tarixi” mövzusunda elmi-fəlsəfi əsərlər yazırlar. Başa düşmək lazımdır ki, daha allah bəşəriyyətin təfəkkür tarixində axtarılır, göylərdə yox.
Allah fikri və yaxud allaha inam anadangəlmə (a priori, fitri) zad deyil. Bunlar propaqanda məqsədilə uydurulmuş psevdo-elmi nəzəriyyələrdir. Heç bir psixologiya kitabı, heç bir beyin tədqiqatçısı insanda anadangəlmə allah fikrinin mövcudluğunu iddia etmir. İnsan doğularkən zehni ağ lövhə (tabula rasa) kimi olur. Sartr eksistensializmindən sonra insana anadangəlmə xas olan mahiyyətdən danışmaq isə savadsızlıqdır. “İnsan” hər şeydən fərqli olaraq özü öz mahiyyətini seçən azadlıqdır. İnsana fitrətən verilmiş heç bir mənsubiyyət yoxdur!
İnsanın anadangəlmə müsəlman doğulması fikrini ortaya atmaqda məqsəd, ateisti vicdan əzabı hiss etmədən və ictimai rəyi qıcıqlandırmadan cəzalandıra bilməkdir. Əgər insan az və ya çox dərəcədə allah fikri ilə, hətta hazırcana müsəlman doğulursa (bəs niyə onda o, sünnətsiz doğulur?), onda belə çıxır ki, allahı inkar etməklə, o bunu ya qəsdən edir, ya da o, qeyri-təbiidir, manyak kimi bir şeydir. Məntiq bundan ibarətdir.
Əgər faciəvi şəkildə yanılmış ateisti dəhşətli o dünya cəzası gözləyirsə, belədə dindar onun taleyinə nə üçün ağlamır, əksinə, onu birdəfəlik susdurmaq istəyir? Axı allahın vədinə görə, hər kəs öz şəxsi cəzasını çəkəcək, bundan dindara nə? Bəlkə ateist fikirlər onları boylanıb baxmaq istəmədikləri öz dünyaları ilə üzləşdirmiş olur? Bəlkə ateist onların ört-bas edib, özlərindən də gizlətdikləri, heç gizlətdiklərini də bilmədikləri şübhələrinə tərcümanlıq edərək narahatçılıq törədir? Mən dindarların arasında, ateistə dərindən və arxayınlıqla təbəssüm edən mömin təsəvvür etmək istəyirəm. Elə bir təbəssüm ki, tutalım, mən öz din tənqidlərimdən utanım.

NƏ ÜÇÜN ATEİZM?

Bəşərin dindən başqa heç bir sərvətinin olmadığı qədim dövrlərdə (o cümlədən islam dininin də yarandığı quldarlıq quruluşu dövründə!) din təkbaşına insanın bütün dünyagörüşünü ifadə edirdi: onun estetik zövqünü, həyat və ölüm haqqındakı təsəvvürlərini, təbiət hadisələrini izahını, qorxularını, xoşbəxtliyini, təsəllisini, arzularını, əxlaqi normalarını, ayrı-ayrı dəyərlərini, dəyərlər şkalasını, həyat tərzini və s. Bir sözlə, “all in one”. Qədimdə din məhz bu mənəvi-insani meyar rolunu oynayırdı. Hesab edilirdi ki, əxlaqlılığın da, ağıllılığın da, zövqlülüyün də, yaxşı adam olmağın da meyarı məhz dinə olan münasibətdir. Allaha inanmırsansa, dinə şübhə ilə yanaşırsansa, deməli, bir insan kimi ölümə layiqsən! Bu gün Katolik Kilsəsi inkvizasiya üzündən xəcalət çəkir, üzr istəyir. Belə də olmalıdır. İslam isə hələ də elə hesab edir ki, insanların ən dəyərlisi müsəlman olandır.
İslam dini Məhəmməd peyğəmbər tərəfindən əxlaqi normalar və qanunlar toplusu kimi düşünülüb. “Din” ərəb dilində elə bu deməkdir əslində. Qədim yunanların “politeia” (konstitusiya), qədim türklərin “törə” dedikləri kodeksə ərəblər “din” deyiblər. Burada elə də dərin bir hikmət yoxdur. Məhəmməd qədim ərəb dövlətinin qurucusudur. Sadəcə olaraq, o, öz hakimiyyətinə ilahi yolla legitimlik qazandırıb. Ona görə də, səmavi konstitusiya kimi islamı rədd etmək dünyəvi mənada cinayət etmək, ictimai asayişi pozmaq, dövlətə xəyanət etmək kimi bir şey hesab edilib. İslamın həm din, həm də dövlət kimi qurulmuş olması, Məhəmmədin də həm peyğəmbər, həm də dövlət quran sərkərdə-siyasətçı olduğu tez-tez nəzərdən qaçırılır. Böyük Babək Xürrəmdinin həm siyasi baxımdan qiyamçı, həm də dini baxımdan günahkar hesab edilməsinin səbəblərindən biri də budur. Çünki ərəblər təkcə torpaq işğalçıları deyildilər. Bir ərəb fərdi üçün, ərəbləri bir millət kimi quran, onları tarixə gətirən, səhralardan saraylara yüksəldən islamı rədd etmək nə qədər böyük nankorluq və xəyanətdirsə, bir azərbaycanlı üçün eyni davranış, əksinə, o dərəcədə öz ruhunu işğaldan xilas etməkdir!
Din daha meyar funksiyası daşımır, o, daha insanın kimliyini, necəliyini ifadə edəcək diapazonda deyil. Ona görə də, dindən çıxan avtomatik olaraq insanlıqdan da çıxmır! İndi deyəcəklərimlə antipodlarımın əlinə özüm-öz əleyhimə “yaxşı” faktlar vermiş olsam da, məni sevən bəzi oxucularımı bəlkə məyus etmiş olacağamsa da, fəlsəfi dünyagörüşümü gizlətməyəcəyəm: Nəinki dindən, xalqdan çıxmaq da insanı insanlıqdan çıxarmır! Nəinki xalqdan, vətəndən çıxarılmaq da insanı insanlıqdan çıxarmır! Nəinki vətəndən, övladlıqdan çıxarılmaq da insanı insanlıqdan çıxarmır! Nəinki övladlıqdan, ənənəvi namus kodeksindən, cinsi mənsubiyyətdən çıxmaq da insanı insan olmaqdan çıxarmır!
Niyəmi? Mən yenə Sartr eksistensializmini xatırladıram: insan heç bir şey deyil, onun heç bir borcu, heç bir vəzifəsi, heç bir funksiyası yoxdur, o, öz azadlığıdır! Mən buna inanmışam ki, yalnız bir şey insanı insan olmaqdan çıxarır: azad yaşamamaq! Azad olmayan – böyük mənada insan deyil. İnsanlıq – azadlıqdır! Dinini yox, azadlığını itirən insanlığını itirir. Allaha inana bilməyən yox, azad ola bilməyən – insan deyil.

ardı olacaq

Bir Yanıt to ““ATEİZM” NƏDİR? – İkinci yazı”

  1. panteist said

    Agalar bey mumkunse izah edin, Spinozanin panteizmi dinin nece evfemiyasi ola biler?

Yorum bırakın