Fəlsəfə Portalı

Azərbaycan və dünya fəlsəfi irsindən…

“Ateizm” nədir? – Birinci yazı

Posted by penah 2009/01/01

yazar_1200667481gif birinci yazı

Ateizm allah(lar)ın varlığına inanmayan, allah(lar)ın varlığını bəyan edən dini təlim(lər)i rədd edən fəlsəfi-elmi mövqedir. Ateizm bütövlükdə hansısa bir qeyri və fövqəltəbii qüvvənin mövcudluğunu inkar etməkdir. Bu yazımda mən allahın var olub-olmadığına dair fikirlərimi yox, ateizmin nə olub-olmadığına dair fikirlərimi oxucularımla qısaca bölüşmək istəyirəm. Elə buna görə də, sərlövhədə ateizmi dırnaq içində yazmışam.

ATEİZM FƏLSƏFƏDİR

Başlayaq terminin mənasından. Allahı ifadə etmək üçün Qərb dillərində iki söz var, qədim yunan dilində teos (əslində theos) və latın dilində deus. “Ateist” hərfi tərcümədə “allahsız” deməkdir. Lakin “allahsız” deyəndə, biz zalım, vicdansız, həyasız kimi mənaları nəzərdə tutduğumuza görə bu söz “ateizm”in tərcüməsi ola bilməz.
Qərb terminlərini dilimizə tərcümə edərkən, buna oxşar problemlərlə tez-tez rastlaşırıq. Məsələn, immoralizm və amoralizm terminlərinin ikisi də dilimizə hərfi tərcümədə “əxlaqsızlıq” kimi səslənir. Ancaq terminoloji baxımdan bunların arasında çox ciddi fərq var. İmmoralizm öz təfəkküründə, dünyagörüşündə və yaxud yaradıcılığında dünyaya, həyata əxlaq bucağından baxmamaq deməkdir. Yəni varlığı etizasiya etməmək, əxlaqiləşdirməmək, necə varsa o cür baxmaq, umacaqsız, “-malı”sız, “-məli”siz təhlil etmək deməkdir. Məsələn, Niçe (Nitsşe), Froyd (Freyd), Haydeqer (Haydegger) kimi şəxslər belə ediblər. Amoralizm isə mövcud moral tələblərə əməl etməmək, bir sözlə, əxlaqsızlıq, pozğunluq etmək deməkdir. Bizim gündəlik danışıq dilimizdə işlənən “əxlaqsız” sözü amoralist mənasındadır. Beləliklə, Niçe, Froyd, ya da Haydeger əxlaqsız filosoflar yox, immoralist filosoflardır. İmmoralizmin isə dilimizdə tərcüməsi yoxdur. Ateizm də belə, hələlik tərcüməsiz terminlərdən biridir. Ona görə də, “ateizm”i tələm-tələsik, ya da demoqoji-populist bəd niyyətlə “allahsızlıq” kimi tərcümə etmək olmaz. Onu elə olduğu kimi saxlamaq lazımdır.
Ateizm anlayışının tarixi qədim yunan mədəniyyətində e.ə. V əsrə gedib çıxsa da, o, XVIII əsrdə yəhudi-xristian allahına inamsızlıq dünyagörüşü kimi Avropada meydana gəlib. Vaxtilə (XVI-XVII əsrlərədək) ateistlik Qərbdə də təhqir sözü idi. Qərbdə ilk dəfə özünə ateist deyən fransız maarifçi filosofu baron Holbax (XVIII əsr) olmuşdur. Keçmişdən və Şərqdən fərqli olaraq, indi Qərbdə ateistlik daha alçaldıcı xarakteristika deyil. Zənnimcə, bizim dindarlar elə indinin özündə də təxminən belə təsəvvür edirlər və yaradırlar ki, allahı inkar etmək gözgörəsi yalan danışmaq, başqasına şər atmaq, öz atasını danmaq kimi həyasız, alçaq, vicdansız bir davranışdır.
Z.A.Tajurizina (Tazhurizina) post-sovet ölkələrdə ateizmin dərhal əxlaqsızlıq, yalançılıq, fitnəkarlıq kimi ən pis insani keyfiyyətlərlə eyniləşdirilməsinə diqqəti cəlb edərək yazır ki, hər yerdə olduğu kimi, ateistlərin də içində pozğunlar, şöhrətpərəstlər, alçaqlar ola bilər, necə ki, dindar olmaq da hələ mənəviyyat mücəssəməsi olmaq deyil. Lakin bütövlükdə ateizm, daha dəqiq ifadə ilə, Avropa ateizmi ən az başqa “-izm”lər qədər müstəqil, ciddi, mürəkkəb və hörmətəlayiq fəlsəfi konsepsiyadır. Elmi ədəbiyyatda bolşevik-sovet ateizmi ateizmin xüsusi növü kimi qeyd edilir və o, Avropa ateizmindən fərqləndirilir.
2005-ci il statistikasına görə, İsveç əhalisinin 45-85%-i, Vyetnamın 81%-i, Danimarkanın 43-80%, Norveçin 31-72%-i, Yaponiyanın 64-65%-i, Finlandiyanın 28-60%-i, Fransanın 43-54%-i ateistdir. Dünyada təqribən 1 milyarda yaxın insan ateistdir.
Filosoflardan ateist olan və bunu ifadə edənlərdən bir neçəsi: Protaqor, Epikur, D. Didro, P.-H. Holbax, D. Yum, L. Foyerbax, M. A. Bakunin, K. Marks, A. Şopenhauer, F. Niçe, M. Haydeqer, B. Rassel, K-R. Popper, J.-P. Sartr, A. Kamyu, A. Ayer, R. Rorti, P. Sloterdik. Fəlsəfələrindən ateizm çıxan filosoflardan bir neçəsi: C. Lokk, İ. Kant, F. Hegel. Xalq təsəvvüründə məşhur adamlardan ateist olanlardan bir neçəsi: Ç. Darvin, M. Tven, Z. Froyd, B. Şou, M. Prust, Ç. Çaplin, B. Qeyts, A. Azimov, E. A. Po, K. Saqan.

ALLAH MÜBAHİSƏLİDİR

Orta əsrlərdə İbn Sina kimi nəhəng mütəfəkkir (mənim ona böyük hörmətim var) allahın zatını var olmaq hesab edərək, sanki “allah” adını “var” adı ilə eyniləşdirirdi. Belə olan halda “var” necə var olmaya bilərdi ki. Məsələnin belə qoyuluşunda, allah var olmaya bilməz. (Xristian filosofu Anselmusun ontoloji allah isbatıdır bu əslində). Bu görüş allahın mövcud olmamasına heç ayaq yeri də qoymur. Lakin belə şeyləri yalnız Orta əsrlərdə etmək olardı. J. N. Fayndlinin də dediyi kimi, “allah var olmaya bilməz” hökmünün doğruluğu məntiqən zəruri deyildir. Məntiqdə zəruri hökmlər tautoloji quruluşda olurlar, məsələn, “dairə yumrudur”, “zənci qaradır” kimi. Zəruri olaraq doğru olan hökmlər əslində yeni heç nə demir, belə ki, dairənin zəruri olaraq yumru həndəsi fiqur, zəncinin qara rəngli adam olduğunu mən onsuz da bilirdim. “Tautalogiya” eyni fikri təkrarlamaq deməkdir. “Zənci” anlayışında qaralıq, “dairə” anlayışında yumruluq mənası immanent olaraq, əvvəlcədən var, amma axı “allah” anlayışında “var olmaq” mənası zəruri olaraq yoxdur! Allah mübahisəlidir. Tolerantlıq da məhz bunun qəbul edilməsindən başlanır. Tolerantlıq nəzakət norması deyil, dərin sualların cavablarında haçalanmanın qəbul edilməsidir. Allahın var olub-olmaması da birmənalı deyil. Yekun olaraq, ateizm nə başıxarablıq, nə şeytanlıq, nə də xəyanətdir. O, fəlsəfi mühakimədir.

İSLAMDA ATEİZM

İslamda fərdi səviyyədə ateist olmayıb. Mən bildiyimə, islam tarixinə allahın varlığını inkar edən şəxs adı daxil olmayıb. Buna görə də, islam terminologiyasında ateistə tam adekvat termin yoxdur. Kafir, mülhid, zındıq, dəhri terminlərinin heç biri ateistə tam uyğun deyil və bu çox təbiidir. Kafir – Məhəmməd peyğəmbərin yaşadığı dövrdə onun peyğəmbərliyini qəbul etməyənlərə onun özünün verdiyi addır. “Kim allahın nazil etdiyi (hökmlər) ilə hökm etməsə, bax, onlar əsl kafirlərdir” (Maidə, 44). Məncə, “kafir” termini islamdan əvvəlki cahiliyyə ateistliyinə, yəni ərəb bütpərəstliyinə daha çox uyğun gəlir. Amma özləri bilən məsləhətdir. Mülhid din yolundan çıxan, allaha iman etməyən şəxsə deyilir. Bu termin nadir hallarda işlədilir. Zındıq atəşpərəstlərin kitabı Zend Avesta (Şərhli Avesta) adından götürülüb, zendçi, məcusi, atəşpərəst deməkdir. Ərəblərin islamdan qabaq bizə və farslara verdikləri addır. Dəhri hər bir şeyin və hadisənin zamanda və zamanla, yəni təkamüllə baş verdiyinə inanan materialistlərə verilən addır. Dəhri zaman deməkdir. Dəhriyyun varlıqda əsas qüvvənin zaman olduğunu iddia edən zarvaniliyin islam arealında davamıdır. Zındıqlıq kimi dəhrilik də əcəm (qeyri-ərəb) mənşəlidir və bu çox düşündürücüdür… Deməli, ərəblər öz zülmkar işğalçılıqlarına dini don geyindirir və onlara müqavimət edənləri zındıq, dəhri kimi adlarla alçaldırdılar.

ATEİZMƏ EHTİYAC VAR

Bəziləri qəsdən, bəziləri sadəlövhlükdən, bəziləri əzbərçi tənbəllikdən gənclərdə elə bir təsəvvür yaratmağa çalışırlar ki, guya din yeganə, alternativsiz dünyagörüşüdür, allah qeydsiz-şərtsiz sübut edilmiş mütləq həqiqətdir, Məhəmməd peyğəmbərin məhz allahın sözünü ərəblərə çatdırması elmi faktdır, bütün dünya yavaş-yavaş müsəlman olmaqdadır, islam dini ən mükəmməl dindir və s. və i. Açıq-aşkar dinə qeyri-dini analizlər verən, dini qeyri-dini formada izah edən intellektuallar ölkəmizdə hələ ki yoxdur, dinə qarşı onu balanslaşdıran cəbhə hələ ki formalaşmamışdır. Din açıq cəbhədə bombardman edir. Elmi-fəlsəfi nöqteyi-nəzərdən əks arqumentlərin səslənməsinə indi böyük ehtiyac var.
Son hadisələr göstərdi ki, əgər siyasi hakimiyyət qarşısını almasaydı, cəmiyyət dini təbliğata qarşı özü-özlüyündən antibiotik ifraz edə bilməyəcəkdi. Məncə, din məsələsində biz dövlət aparatında oturan ağıllı adamlara kömək etməliyik. Yoxsa elə təəssürat yaranır ki, siyasi hakimiyyət dinin arqumentləri qarşısında guya cavabsız və gücsüzdür və guya elə buna görə də o, zora əl atır. Cəmiyyət özü dinə qarşı intellektual cavablar verə bilməsə, onda elə görünəcək ki, guya ölkəmizdə dünyəvi dövlətə qarşı dini-şəriət dövlətinin ciddi elektoratı var və biz guya dini genişlənməni sivil yolla deyil, yalnız zor tətbiq edərək dayandıra bilirik. Biz humanistlər bu təəssüratın səhv olduğunu sübut etməliyik. Çox təəssüf ki, müxalifət mətbuatı iqtidarın din probleminə qarşı profilaktik tədbirlərini ümummilli məsələ saymır və müxalifətçilik etmək naminə müxalifətçilk edərkən dinin tərəfinə keçdiyini unudur. Mən öz ağlımca bunu səhv sayıram. Görünür, bu imtahanı da verməliyik biz. Dinin ağır zopası başımıza dəyməlidi. Halbuki biz dinin ictimai şüurda özünə möhkəm yer etməsi ehtimalından distopiya kimi qorxmalıyıq. Zənnimcə, hələlik nə azərbaycan xalqı, nə siyasi müxalifət, nə də azərbaycanlı dindar dinin nə olduğunu, daha doğrusu, nə ola biləcəyini yaxşı başa düşmür. Bu, çox qorxulu haldır.

KİMDİR ATEİST?

Hər bir dövrün, hər bir dinin, hər bir təfəkkür səviyyəsinin öz ateistik anlayışı var. Burada “ateizm”in dinsizlik mənası da üzə çıxır. Hansısa dindəki allah təsəvvürünə inana bilməyən şəxs ateistdir, yəni allahsızdır, yoxsa dinsiz? Buddhizm dininin peyğəmbəri Buddhanın dinində, Daoizm dininin peyğəmbəri Lao Tsenin dinində allah iştirak etmir, bunlar ateist dinlərdir. Belə çıxır ki, peyğəmbər Buddha, peyğəmbər Lao Tse ateistdirlər. Qəribə səslənir, elə deyil? Amma belədir.
Gəlin, xatırlayaq ki, Məhəmməd peyğəmbərin özünü qəbilədaşları nə ilə günahlandırırdılar? Lutu, Uzzanı, Mənatı rədd etdiyinə, dindən çıxdığına görə günahlandırırdılar. Hesab edirdilər ki, o, “Məkkənin qızları” adlandırılan bu üç bütü (bunlar qadın allahlar, ilahələr idilər) Məhəmməd təhqir etmişdir. O, məkkəlilərin dinini rədd edir, amma allahı qəbul edirdi! Bu gün müsəlmanlar ateistə nə cür baxırlarsa, vaxtilə Məhəmməd peyğəmbərə də elə o cür baxıblar.
Ümumiyyətlə, yeni meydana gələn dini cərəyanlar hakim din tərəfindən həmişə ateistliklə günahlandırılıblar. İlk xristianlar politeist yunan dini tərəfindən, ilk buddhistlər hinduistlər tərəfindən, o cümlədən də ilk müsəlmanlar bütpərəst ərəblər tərəfindən. Bir müddət sonra allahın monopoliyası uğrunda mübarizə başlayır və hər iki tərəf bir-birini ateistlikdə günahlandırır. Ümumiyyətlə, dini düşərgə “ateist” sözünün kütlələrin qulağında alçaldıcı mənasından istifadə edərək, dinlə konfliktdə olan bütün təlimlərə və şəxslərə qarşı bu damğadan istifadə etmişdir və edir. Göydə allaha səcdə etməyən “iblis” obrazına Yerdə ateist (kafir) uyğun gəldiyinə görə, kafir şeytanın tərcümanı sayılmışdır. Bir ideologiya kimi din bu bicliyi ilə tarix boyu bütün opponentlərini alçalda bilmişdir.
Bu problem onunla əlaqədardır ki, istər teologiyada, istər fəlsəfədə, istərsə də müqayisəli dinlər tarixində nə vahid allah təsəvvürü təsbit etmək, nə də vahid bir din tərifi vermək mümkün olduğuna görə ateizm kateqoriyasına vahid məna vermək çətindir. Yuxarıda da dediyim kimi, hər dövrün, hər səviyyənin, hər dinin öz ateizmi var. Məni islam dininin ateizmi maraqlandırır.

ardı olacaq

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

 
%d blogcu bunu beğendi: